AiTM fişinq 2FA-nı necə keçir?

Parol və SMS kodu daxil etdiniz, amma hesab yenə də ələ keçirildi. «Adversary-in-the-Middle» fişinqi sessiya kukisini oğurlayaraq ikifaktorlu doğrulamanı necə yan keçir və buna qarşı nə etmək lazımdır.

Müəllif: Zahir Yusibov | Tarix:

İkifaktorlu doğrulama (2FA) uzun müddət fişinqə qarşı ən etibarlı müdafiə sayılırdı: parol oğurlansa belə, hücumçu telefondakı kodu bilmir. Son illərdə isə «Adversary-in-the-Middle» (AiTM) adlanan fişinq dəstləri bu maneəni kütləvi şəkildə aşır. Son aylarda Azərbaycanda da bank və dövlət xidmətlərini təqlid edən belə kampaniyalar müşahidə edirik.

Hücum necə işləyir?

Klassik fişinq saytı sadəcə saxta giriş formasıdır. AiTM saytı isə istifadəçi ilə real xidmət arasında dayanan əks-proksidir (reverse proxy): qurban hər şeyi orijinal səhifədəki kimi görür, çünki səhifə həqiqətən orijinal serverdən gəlir.

  1. Qurban emaildəki linkə keçir və tanış giriş səhifəsini görür.
  2. Daxil etdiyi parol proksi vasitəsilə real serverə ötürülür.
  3. Server SMS və ya tətbiq kodu istəyir — qurban onu da daxil edir.
  4. Uğurlu girişdən sonra server sessiya kukisini göndərir və proksi onu ələ keçirir.

Bundan sonra hücumçuya nə parol, nə də kod lazımdır: oğurlanmış kuki ilə birbaşa hesaba daxil olur. Qurbanın 2FA-nı düzgün keçməsi hücumçunun işinə yarayır.

Əlamətlər

  • Ünvan sətrindəki domen orijinala bənzəyir, amma fərqlidir (məsələn, login-microsoftonline.co).
  • Link emaildə «təcili», «hesabınız bloklanacaq» kimi təzyiq ifadələri ilə gəlir.
  • Girişdən sonra sizi gözlənilmədən başqa səhifəyə yönləndirir.

Necə qorunmalı?

Ən effektiv həll fişinqə davamlı autentifikasiyadır: FIDO2 təhlükəsizlik açarları və passkey-lər. Onlar kriptoqrafik olaraq domenə bağlıdır və saxta domendə sadəcə işləmir. Bundan əlavə:

  • şərti giriş (conditional access) siyasətləri ilə yalnız idarə olunan cihazlardan girişə icazə verin;
  • sessiya müddətini qısaldın və qeyri-adi IP-dən gələn sessiyaları ləğv edin;
  • əməkdaşlara URL-i yoxlamağı öyrədin — fişinq simulyasiyaları bunun ən yaxşı yoludur.

Şübhəli girişlə qarşılaşmısınızsa, dərhal bütün aktiv sessiyaları bağlayın və parolu dəyişin. İnsident komandamız 24/7 əlçatandır.

Keçidlər

  • Saxta telefon zəngləri ilə sosial mühəndislik —

    «Bankın təhlükəsizlik xidmətindən narahat edirik» — vişinq zəngləri SMS kodlarını və kart məlumatlarını ələ keçirməyin ən effektiv üsuluna çevrilib. Zəng edənin saxta olduğunu necə anlamalı?

  • WhatsApp-da saxta «polis» dələduzluğu —

    «Adınıza cinayət işi açılıb, cəriməni ödəməsəniz həbs olunacaqsınız» — xarici nömrədən gələn belə mesajlar son aylarda çoxalıb. Dələduzluğu necə tanımalı və nə etməli?